Showing 1-20 of 111 items.

Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Qur’anın) ayələridir!

(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, (mə’nasını ) anlayasınız.

(Ya Rəsulum!) Biz bu Qur’anı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin.

Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə’zim) edirlər”.

(Atası Yə’qub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.

(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne’mətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yə’qub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”

Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.

Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”

(Aralarında biri dedi: ) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”

Bir başqası (Rubil və ya Şəm’un) belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”.

Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə e’tibar etmirsən?

Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!”

(Yə’qub) dedi: “Onu aparmağınız məni çox mə’yus edər (ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”

Onlar: “Biz güclü bir dəstə (on bir nəfət) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər.

(Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik.

Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.

Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”

Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yə’qub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”

Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir!

(Yusifi tə’qib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: “Bu bizim qaçmış köləmizdir! – deyə) onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və (bu işdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yə’qubdan ayırmaq məqsədini güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər.