Showing 61-80 of 111 items.

(Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”.

(Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”

(Yusifin) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”

(Yə’qub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə e’tibar etdiyim kimi, heç onu sizə e’tibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”

Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz’ bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzağımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!”

(Yə’qub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yə’qub): “Allah dediyimizə şahiddir!” – dedi.

(Yə’qub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”

Onlar ataları (Yə’qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda ittiham olundular), ancaq Yə’qubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yə’qub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!

Onlar Yusifin hüzuruna daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini) bağrına basıb dedi: “Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza gətirdikləri) işlərdən kədərlənmə!”

(Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” – deyə haray çəkdi.

(Yə’qubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: “Nə itirmisiniz?” – deyə soruşdular.

Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (müştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı: ) “Mən də buna zaminəm!” - (dedi).

(Yə’qubun oğlanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”

Onlar soruşdular: “Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?”

(Qardaşlar: ) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.

(Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!

(Qardaşlar) dedilər: “Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”

(Qardaşlar) dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”.

(Yusif) belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”

Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır.