Showing 1-20 of 135 items.

Ta, Ha!

Biz Qur’anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi).

(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik).

O, yeri və uca göyləri yaradandan (Allahdan) nazil olmuşdur.

Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir).

Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.

(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsanda (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünü yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir).

Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur!

Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib çatdı).

(Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: “Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”

(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa!

Mən, həqiqətən, sənin Rəbbinəm. Nə’leynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!

Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!

Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!

O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə biruzə verir).

Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!

Ya Musa! Sağ əlindəki nədir?”

(Musa) dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”

(Allah) buyurdu: “Ya Musa! Onu (əsanı yerə) at!”

(Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sür’ətlə sürünməyə başladı.