Showing 1-20 of 88 items.

Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur’ana and olsun!

(Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).

Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi.

Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır!

Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.

Onların ə’yanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir).

Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır.

Məgər Qur’an aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)”. Doğrusu, onlar Mənim Qur’anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!

Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət xəzinələri onlara məxsusdur?!

Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb (göyə) qalxsınlar! (Kainatın hökmünü öz əllərinə alıb onu idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər!)

Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.

Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya hündür qayalar, dar ağacları) sahibi Fir’an da (peyğəmbərləri) təkzib etmişdi.

Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) – bu firqələrin

Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib oldu.

Bunlar (Məkkə müşrikləri) yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin suru bircə dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə gecikməz!

Onlar (istehza ilə): “Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən əvvəl ver!” – dedilər.

(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-ne’mətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).

Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şə’ninə tə’riflər deyərdilər.

Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi.

Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).