Showing 1-20 of 45 items.

Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur’ana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!

Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:” Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!)

Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!”

Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!

Lakin onlara haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər).

Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!

Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?!

(Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.

Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik.

Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik) –

Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!

Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi.

Ad (qövmü), Fir’on (əhli), Lut qardaşları;

Əykə əhli və Tübbə’ qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara və’d etdiyim (əzab) gerçəkləşdi.

Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər!

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)

Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!

Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!

(Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu və’d olunmuş gündür (əzab günüdür)!