Showing 21-40 of 45 items.

Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir.

(Ona belə deyiləcəkdir: ) “Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!”

Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: “Bu yanımdakı (Cəhənnəm üçün) hazırdır!”

(Allah o iki mələyə buyuracaqdır: ) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri;

Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni!

O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!”

Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!”

(Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim.

Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən deyiləm!”

O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir.

Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.

(Onlara deyiləcəkdir: ) “Bu, və’d olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan;

Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür!

Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!”

Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö’minlərin təsəvvür edə bilmədikləri ne’mətlər, Allahın rizasını və s.) mövcuddur!

Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar: ) “Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?” (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.

Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!

And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.

(Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şə’ninə təriflər de!

Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)!