Showing 1-20 of 38 items.

Kafir olanların və (insanları) Allah yolundan döndərənlərin əməllərini (Allah) puç edəcəkdir.

İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qur’ana) inanların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).

Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa (Qur’ana) tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!

(Ey mö’minlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.

(Allah) onları doğru yola müvəffəq edəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir.

Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.

Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.

Kafirlərə gəldikdə isə - hamısı məhv olsun – onların əməllərini puça çıxardar!

Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Qur’anı) bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi.

Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri də buna bənzərləri (belə şeylər) gözləyir!

Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur!

Allah iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (Öləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır!

(Ya Peyğəmbər! Qövmünün) səni çıxartdığı şəhərdən (şəhər əhlindən) daha qüvvətli neçə-neçə şəhərlər (şəhər əhli) var idi ki, Biz onları məhv etdik və özlərinə bir kömək edən də tapılmadı!

Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.

Müttəqilərə və’d olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!

(Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən (səhabədən istehza ilə): “(Muhəmməd) bu saat nə dedi?!” – deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!

Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (mö’minliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər!

Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?!

(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mö’min kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha mə’lumdur. Ondan heç nə gizli qalmaz!)

Mö’minlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı -