Showing 61-80 of 98 items.

Rəhmanın (Allahın) Öz bəndələrinə və’d etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun və’di mütləq yerinə yetəcəkdir.

Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır.

Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik.

(Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demişdi: ) “Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə və gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Öz bəndələrini) unudan deyildir”. (Cəbrail Qur’anı Muhəmməd peyğəmbərə öyrətməyə təhkim olunsa da, Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə nə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də belə şeydən ötrü ürəyini qısma!)

O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər).

(Qiyaməti inkar edən) insan: “Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?” – deyə soruşur.

Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?

(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.

Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq (araya gətirəcəyik).

Sonra (onlardan) Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik.

Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır).

Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!

Ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: “Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha yaxşı, hansının məclisi daha gözəldir?” – deyə soruşarlar.

Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca (bu kafirlərdən) daha üstün (daha gözəl) idilər.

(Ya Rəsulum!) De: “(Bizdən və sizdən) kim zəlalət içindədirsə, qoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin”. Nəhayət, və’d olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.

Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab e’tibarilə daha xeyirli, nəticə e’tibarilə daha yaxşıdır!

(Ya Rəsulum!) Ayələrimizi inkar edib: “(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” – deyən adamı (As ibn Vaili) gördünmü?

Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?!

Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq.

Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o məhşərə ilk dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir).