Showing 1-20 of 34 items.

Əlif, Lam, Mim!

Bu hikmətli Kitabın (Qur’anın) ayələridir.

(O Qur’an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir.

O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.

Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!

İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə’nasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.

Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!

İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.

Onlar orada əbədi qalacaqlar. Allahın (mö’minlərə verdiyi cənnət) və’di haqdır. O, yenilməz qüvvət, hikmət sahibidir!

Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik.

Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar əyri yoldadırlar (haqq yoldan azmışlar).

Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Kim (Allahın ne’mətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tə’rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)

(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”

Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!

Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!”

(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!

Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!

Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!

Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!

(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) ne’mətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər.