Showing 21-34 of 34 items.

Onlara (Məkkə əhlinə): “Allahın nazil etdiyinə (Qur’ana) tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Yenədəmi həmin yolla gedəcəklər?)

Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (dəstəkdən - Qur’andan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Buyuruq Allahındır!)

Kim küfr etsə, onun küfrü (ya Rəsulum) səni kədərləndirməsin. Onlar Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nələr etdiklərini xəbər verəcəyik. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!

Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı) verəcək, sonra da (axirətdə) ağır bir əzaba düçar edəcəyik!

(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz!

Göylərdə və yerdə nə varsa, Allahındır. Allah (bəndələrinin, o cümlədən müşriklərin ibadətinə) möhtac deyildir və (özlüyündə hər cür) şükrə (tə’rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)

Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!

(Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (qiyamət günü) diriltmək (Allah üçün) ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!

(Ya Rəsulum!) Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını (gah gündüzü, gah da gecəni uzatdığını), günəşi və ayı ram (sizin mənafeyinizə tabe) etdiyini görmürsənmi? Onların hər biri (öz hədəqəsində, dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!

Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!

(Ya Rəsulum!) Sizə öz qüdrət əlamətlərindən bə’zisini göstərsin deyə, gəmilərin dənizdə Allahın lütfü ilə üzdüyünü görmürsənmi? Həqiqətən, bunda (əziyyətlərə) səbr, (Allahın ne’mətlərinə) çox şükür edən hər kəs üçün ibrətlər vardır!

(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bə’ziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bə’ziləri isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!

Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın və’di, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!

Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!