Showing 1-20 of 54 items.

Ha, Mim!

(Bu Qur’an) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.

Ərəbcə Qur’an olaraq (onu) bilən bir qövm üçün əyələri müfəssəl izah edilmiş bir kitabdır.

(Bu Qur’an) həm (mö’minlərə Cənnətlə) müjdə verəndir və həm də (kafirləri cəhənnəm əzabı ilə) qorxudan. Onların (Məkkə əhlinin) əksəriyyəti (Qur’andan) üz döndərib (onu) dinləməz (Allahın kəlamının qüdsiyyəti, hikməti haqqında düşünməz).

(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi də’vət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz istədiyimizi!)”

(Ya Rəsulum!) De: “Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!

O müşriklər ki, zəkat vermir və axirətə inanmırlar!

İman gətirib yaxşı işlər görənləri tükənməz (minnətsiz) ruzi gözləyir!”

(Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!

O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi).

Sonra Allah tüstü (düman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.

Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər çür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!”

(Ya Peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, imandan) üz döndərsələr, de: “Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla (bu tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!”

Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: “Yalnız Allaha ibadət edin” – deyən peyğəmbərlər gəldiyi zaman onlar: “Əgər Rəbbimiz (bizim ancaq Ona iman gətirməyimizi, bütlərə sitayiş etməməyimizi) istəsəydi, (peyğəmbər olaraq) mələklər endirərdi. Biz sizinlə göndərilənlərə (risalətə, şəriətə) inanmırıq!” – deyə cavab vermişdilər.

Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər.

Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır.

Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.

İman gətirib (Allahdan) qorxanları isə xilas etdik.

Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.

Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.