Showing 1-20 of 45 items.

Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!

Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi ne’mətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Ey insanlar! Allahın sizə olan ne’mətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?

Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır (qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə yardım göstəriləcəkdir!)

Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və’di haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!

Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.

Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə bağışlanma və böyük bir mükafat (Cənnət) gözləyir!

Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!

Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri) diriltmək də belədir!

Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.

Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.

İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (ne’mətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz.

(Allah) gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram (öz əmrinə, sizin mənafeyinizə tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.

Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)

Əgər istəsə, sizi yox edib (yerinizə) başqa bir məxluq gətirər.

Bu, Allah üçün çətin deyildir!

Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar edirsən. Her kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!

Kor ilə görən eyni olaz.

Zülmətlə nur da (eyni deyildir)!