Showing 1-20 of 89 items.

Ha, Mim!

(Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki,

Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik.

Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).

Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Qur’anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Qur’anla sizə öyüd-nəsihət verməməliyikmi?!)

Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.

Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!

Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Qur’anda neçə yerdə) nəql olunub keçmişdir (bu müşrikləri də belə bir cəza gözləyir).

Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər.

O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı.

O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız!

Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı.

Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin ne’mətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı.

Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!”

Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona Öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan (Allahın ne’mətlərinə) açıq-aşkar naşükürdür!

Yoxsa O, yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizə məxsus etdi?!

Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar.

Onlar bərbəzək içində böyüdülüb, mübahisə (çəkişmə) zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər?

Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar!

Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!” Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.