Showing 1-20 of 49 items.

And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;

And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) -

Açıq dəri üzərində (olan kitaba);

And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura;

And olsun yüksək tavana (uca göyə)

Və dolub daşan (alovlanan) dənizə ki,

Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!

Onu heç kəs dəf edə bilməz!

O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),

Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.

O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!

O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.

O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.

(Onlara belə deyiləcəkdir: ) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!

(Vəhyə, Qur’ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz?

Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”

Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne’mətlər içində olacaqlar.

Rəbbinin onlara əta etdiyi ne’mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.

(Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için;

Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.