Showing 21-40 of 49 items.

İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!

Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik.

Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.

Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.

Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.

Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.

Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.

Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!”

Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne’məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!

Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” – deyirlər.

De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!”

Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.

Yoxsa onlar: “Onu (Qur’anı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.

Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər!

Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!

Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!

Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!

Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!

Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!

Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!