Showing 1-20 of 129 items.

Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!

(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir!

Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!

Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!

Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!

Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni–Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!

Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? Onlar ürələri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti (Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!

Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (islamı qəbul etməyə mane oldular). Həqiqətən, onların gördükləri iş necə də pisdir!

Onlar bir mö’min barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır!

Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!

Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!

(Ey mö’minlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) mö’minlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!

Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb mö’minlərin ürəklərini fərəhləndirsin.

Və onların (müşriklərin əlindən əziyyət çəkən müsəlmanların) qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və mö’minlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!

Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini tə’mir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar Cəhənnəmdə (atəşdə əbədi qalacaqlar!)

Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar tə’mir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!

(Ey müşriklər!) Məgər siz hacılara su verməyi və Məscidülhəramı tə’mir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərdə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!

İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).