Showing 1-20 of 29 items.

Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;

Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;

Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;

(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;

Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;

Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;

Ruhlar (bədənlərə) qovuşacağı zaman;

Diri-diri torpağa gömülən körpə qızdan:

“Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman;

Əməl dəftərləri açılacağı zaman;

Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;

Cəhənnəm alovlandırılacağı zaman;

Və Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman;

Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!

And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;

(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);

Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)

Və sökülməkdə olan dan yerinə ki,

Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.

(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).