Showing 1-20 of 182 items.

And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);

(Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə)

Və Qur’an oxuyanlara!

Həqiqətən, sizin Allahınız birdir!

O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin – günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.

Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).

(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.

Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.

(Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir!

Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər.

İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.

Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.

Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.

Bir mö’cüzə gördükdə isə ona istehza edərlər.

Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir.

Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!

Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!”

(Ya Peyğəmbər!) De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).

O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.

Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!”