Showing 1-20 of 53 items.

Ha, Mim!

Eyn, Sin, Qaf!

(Ya Rəsulum!) Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy edir!

Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur!

Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!

(Ya Peyğəmbər!) Allahdan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız risaləti, Allahın hökmlərini təbliğ etməkdir!)

(Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Qur’an vəhy etdik. (Axirətdə insanların) bir qismi (mö’minlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!

Əgər Allah diləsəydi, onların hamısını (eyni dində olan) vahid bir ümmət edərdi. Amma Allah istədiyini (haqq dinə gətirməklə) Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir dostu olar, nə də bir imdada yetəni!

Yoxsa onlar (müşriklər) özlərinə Allahdan başqa hamilər götürdülər. İxtiyar sahibi ancaq Odur. Ölüləri O dirildir. Hər şeyə O qadirdir!

Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən (bütün işlərimdə) ancaq Ona təvəkkül edir, ancaq Ona tərəf qayıdıram! (Ona tövbə edirəm!)

Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!

Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər. O, hər şeyi biləndir!

(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin də’vət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!

Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər tə’xirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yə’qin ki bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya özlərinə Qur’an göndərilmiş müşriklər də) onun (Qur’nın, peyğəmbər əleyhissəlamın) barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər.

(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) də’vət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma və de: “Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!”

Allahın də’vəti qəbul olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim peyğəmbərimiz sizinkindən daha əfzəldir deyə) mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar (axirətdə) qəzəbə və şiddətli əzaba düçar olacaqlar!

Kitabı və mizan-tərəzini (insanlar arasında ədalət tərəzisi olan şəriəti) haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də, o saat (qiyamət saatı) yaxındır!

Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnanlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. (Ya Peyğəmbər!) Bil ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər.

Allah Öz bəndələrinə çox lütfkardır; istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir!

Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.