Showing 1-20 of 60 items.

Əlif, Lam, Mim!

Rumlular (bizanslılar iranlılarla) məğlub oldular.

(Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.

Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün mö’minlər sevinəcəklər;

Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

(Bu zəfəri Kitab əhlinə) Allah və’d etdi. Allah Öz və’dinə xilaf çıxmaz. Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!

Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər.

Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.

Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar (Ad, Səmud tayfaları) bunlardan daha qüvvətli idilər. Onlar (əkinçilik məqsədilə) torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox adab etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.

Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!

Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir. Sonra da siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.

Qiyamət qopacağı gün günahkarlar mat-məətəl qalacaqlar. (Özlərini təmizə çıxarmaq üçün heç bir dəlil, sübut gətirə bilməyəcəklər).

(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.

Qiyamət qopacağı gün – məhz o gün (mö’minlərlə kafirlər bir-birindən) ayrılacaqlar.

İman gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc içində qalacaqlar.

Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarını) inkar edənlər isə əzab verilmək üçün hazırlanacaqlar (gətiriləcəklər).

Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şə’ninə tə’riflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!)

Göylərdə və yerdə həmd (şükür və tə’rif) yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şə’ninə tə’riflər deyin! (İkindi və günorta namazlarını qılın!)

(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız.

Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.