Showing 1-20 of 43 items.

Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın (Qur’anın) ayələridir. Rəbbindən sənə nazil olan (Qur’an) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.

Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!

Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!

Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.

(Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb doğuran şey) onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” – söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.

(Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq əzabını) istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar, xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!

Kafir olanlar: “Məgər ona Rəbbindən bir mö’cüzə endirilməli deyildimi?” – deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!

Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin iste’dadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur. )

O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyükdür, ucadır! (Allah eyibsizdir, nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)

Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir. (Allah kimin nə etdiyini bilir. Heç bir şey Ondan gizli qalmaz).

(İnsan üçün) onu öndən və arxadan tə’qib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz.

Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da Odur.

Göy gurultusu Onun şə’ninə tə’riflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)

Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mə’nasız sözlərdən) başqa bir şey deyildir!

Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki mö’minlər sidqi-ürəkdən, kafirlər və münafiqlər isə ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!)

(Ya Rəsulum!) De: “Göylərin və yerin Rəbbi kimdir?” (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!” De: “Heç korla görən (kafirlə mö’min) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)”

Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin e’tiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!

Rəbbinin də’vətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl ne’mət (Cənnət) gözləyir. Rəbbinin də’vətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!

(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Qur’anın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!

O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri və’di yerinə yetirir və əhdi pozmurlar.