Showing 1-20 of 128 items.

Allahın (mö’minlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)

(Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!”

(Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!

Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb yetkinlik hədinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə inanmayaraq) birdən-birə açıq-aşkar bir düşmən kəsildi.

Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.

Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız (fərəhlənirsiniz).

Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!

Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır.

Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı.

Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər).

(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!

(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!

Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) ne’mətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahahın ne’mətlərinə) şükür edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü aramanız və (kərəminə) şükür etməyiniz üçündür!]

(Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;

(Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.

Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu anlamarsınız?!)

Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi (ürəyinizdə olanları, bütün gizli və aşkar əməllərinizi) bilir!

(Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar.