Showing 1-20 of 55 items.

O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.

Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.

Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)

And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

(Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!

Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!

Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.

Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.

(Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi.

Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.

Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.

Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.

(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.

And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!

Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!

Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.

O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.