Showing 1-20 of 37 items.

Ha, Mim!

Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi (olan Allah) tərəfindəndir.

Həqiqətən, göylərdə və yerdə mö’minlər üçün ibrətlər vardır!

Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inanlar üçün (Allahın birliyinə, qüdrət və əzəmətinə, qiyamət gününün haqq olmasına dəlalət edən) əlamətlər vardır.

Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır.

(Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz onları (Cəbrail vasitəsilə) sənə doğru oxuyub bildiririk. Bəs onlar Allaha və Onun ayələrinə (Qur’ana) inanmadıqdan sonra hansı kəlama inanırlar?

Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!

O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi (Allahın əmrinə qarşı) təkəbbür göstərərək (küfründə) israr edib durur. (Ya Peyğəmbər!) Beləsinə şiddətli bir əzabla müjdə ver!

O, ayələrimizdən bir şey öyrənib bildiyi zaman onu lağa qoyur. Məhz belələri (qiyamət günü) alçaldıcı bir əzaba düçar olacaqlar!

Qarşıda (öləndən sonra) onları Cəhənnəm gözləyir. Nə qazandıqları dünya malı, nə də Allahdan başqa dost tutduqları (ibadət etdikləri bütlər) onlara bir fayda verəcəkdir (Allahın əzabını onlardan dəf edəcəkdir). Onlar böyük bir əzaba düçar olacaqlar!

Bu (Qur’an) bir hidayətdir. Rəbbinin ayələrini inkar edənləri çox şiddətli, ağrılı-acılı bir əzab gözləyir.

Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən (orada) ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır! Bəlkə, şükür edəsiniz!

Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!

(Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları (əzab günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri) bağışlasınlar! (Bu ayənin hökmü sonralar cihad haqqındakı ayə ilə ləğv edilmişdir).

Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.

And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət (Tövratda olmayan hökmlər, yaxud mübahisəli məsələləri ədalətlə həll etmək bacarığı) və peyğəmbərlik əta etmiş, onlara pak ne’mətlərdən ruzi vermiş və onları aləmlərə (zəmanələrindəki bəşər övladına) üstün etmişdik.

Onlara din işində (dini məsələlərdə və ya Muhəmməd əleyhissəlamın peyğəmbər göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa düşdülər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!

Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! (Yoxsa özünü məhvə düçar edərsən! Peyğəmbər mə’sum olduğu üçün Muhəmməd əleyhissəlama göndərilən bu əmrlər əslində onun ümmətinə aiddir).

Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər. Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!

Bu (Qur’an) insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!