Showing 1-20 of 99 items.

Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (mö’cüzə olan) Qur’anın ayələridir.

Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!

(Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər ,(dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!

Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik.

Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.

(Müşriklər Peyğəmbərə) belə dedilər: “Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!

Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun barədəki iddian düzgündürsə), mələkləri bizə gətirsənə!”

(Allah onların cavabında buyurdu: ) “Biz mələkləri yalnız haqq olaraq (peyğəmbərlərə vəhy gətirmək, kafirlərə əzab vermək üçün) endiririk. O zaman onlara (kafirlərə) heç bir möhlət verilməz!

Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”

(Ya Rəsulum!) Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik.

Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər!

(Əvvəlki ümmətlər barəsində etdiyimiz kimi) Biz onu (küfrü, istehzanı) günahkarların (sənin qövmündən olan müşriklərin) ürəklərinə belə yeridirik!

Özlərindən əvvəlkilərin başlarına gələnlər (müsibətlər) göz qabağında olduğu (olub keçdiyi) halda, onlar (yenə də) ona (Qur’ana) inanmazlar.

Əgər onlara göydən bir qapı açsaq (nərdivan endirsək) və onunla durmadan yuxarı dırmaşsalar (göydə Allahın qüdrətini və əzamətini görsələr) yenə də (inanmayıb):

“Gözümüz bağlanmış (xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb gözümüzü bağlamışdır)”, - deyərlər.

Biz səmada bürclər yaratdıq, onlara baxanlar üçün (ulduzlarla) bəzədik.

Onları hər bir məl’un (Allahın dərgahından qovulmuş, rəhmətindən kənar edilmiş, daşqalaq olunmuş) Şeytandan qoruduq.

Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (məş’əl) tə’qib edər (və üstünə düşüb yandırar).

Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik.

Sizdən və sizin ruzi vermədiklərinizdən (qul, kəniz, ev heyvanları və sairədən) ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə olaraq ixtiyarı sizdədir).