Showing 1-20 of 52 items.

Haqq olan qiyamət!

Nədir qiyamət?!

Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)

Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!

Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.

Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.

Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.

İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!

Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.

Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.

Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.

Ona görə ki, bunu (mö’minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!

Sur bircə dəfə üfürüləcəyi;

Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -

Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!

Və (göy) süst düşüb parçalanacaqdır!

Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!

O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!

Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun!

Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!”