Showing 1-20 of 29 items.

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!

Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).

Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!

Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır!

Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!

(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!

Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl (Allah sizi ulu babanız Adəmin belində, yaxud ruhlar aləmində olduğunuz zaman yalnız Ona iman gətirəcəyiniz barəsində) sizdən əhd almışdı. Əgər (əvvəl-axır) iman gətirəcəksinizsə, (elə indidən gətirin – bu sizin üçün daha yaxşıdır!)

Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə (Muhəmməd əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!

(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e’tibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və’d buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!

Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!

O gün (qiyamət günü, ya Peyğəmbər!) mö’min kişilərin və qadınların (səmimi e’tiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şö’lə saçdığını (qıl körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)!

O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “(Bizi bir az) gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” – deyəcəklər. (Onlara istehza ilə) belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” (Bu sözlərdən sonra) onların (mö’minlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.

(Münafiqlər divarın içəri tərəfində olan mö’minləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Mö’minlər) belə cavab verəcəklər: “Bəli (bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə salıb məhvə düçar etdiniz), siz (mö’minlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar (tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər, sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı!

(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!”

İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Qur’an) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu (Allaha asi olan) fasiqlərdir!

(Ey insanlar!) Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!

Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox qiymətli bir mükafat (Cənnət) gözləyir!

Allaha və peyğəmbərinə iman gətirənlər – məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər (özündə-sözündə doğru olanlar) və şəhidlərdir. Onların (qiyamət günü) öz mükafatları və (qıl körpüsü üstündə onlara yol göstərəcək) öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.

(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.