Showing 1-20 of 77 items.

Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Qur’anı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)

O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.

(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.

Kafir olanlar: “Bu (Qur’an) onun (Muhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!” – deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar.

Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd) onları (yəhudilərə) yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin) özünə oxunur”, - dedilər.

(Ya Rəsulum!) De: “Onu (Qur’anı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, (mö’minləri) bağışlayandır, rəhm edəndir!”

(Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?

Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar (müşriklər mö’minlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!”

(Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa bilməzlər!

(Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını – (ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər (uca, nə qədər) uludur!

Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.

O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.

Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.

(Onlara istehza ilə deyilər: ) “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!” (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz. Allahın əzabı intəhasız və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!)

(Ya Rəsulum!) Onlara de: “Bu (cəhənnəm odu) yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq və’d edilən Xüld cənnəti?”

Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, (bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir və’ddir. (Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın onlara Cənnət qismət etməsini diləmiş, Allah da onlara bu barədə verdiyi və’di yerinə yetirmişdir).

(Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini (bütləri) məhşərə toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: “Mənim bu bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?”

(Bütlər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər ne’mət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Qur’anı) xatırlamağı belə unutdular və (buna görə də) məhvə məhkum edilmiş bir tayfa oldular!”

(Allah buyuracaqdır: ) “(Ey müşriklər, sizin tanrılarınız) dediklərinizi təkzib etdilər. Artıq nə əzabı (özünüzdən) sovuşdurar, nə də (özünüzə) bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara) şiddətli bir əzab daddıracağıq”.

(Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbirli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanları) görəndir!