Showing 1-20 of 69 items.

Əlif, Lam, Mim!

İnsanlar (mö’minlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mö’min olduğunu ayırd edib bilək!)

Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!

Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər!

Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!

(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə) əsla möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdiklərin əməllərin savabı da, günahı da yalnız özlərinə aiddir).

İman gətirib yaxşı işlər görənlərin (əvvəlki) günahlarının üstünü örtər və onlara (dünyada) etdikləri əməllərdən daha gözəl (on qat artıq) mükafat verərik. (Və ya: gördükləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq).

Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!

İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik! (Onlar Cənnətin yüksək təbəqələrində sakin olacaqlar!)

Adamlar arasında elələri də vardır ki, “Biz Allaha iman gətirdik!” – deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən (mö’minlərə) bir zəfər gəlsə, mütləq: “Biz də sizinləyik!” – deyərlər. Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və nifaqı) bilmirmi?!

Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandır!

Kafir olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların (iman gətirənlərin) heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!

Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla (yoldan çıxartdıqları kimsələrin günahlarına) yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!

Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.

Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik.

(Ya Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi: “Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?!

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!”

(Ey Məkkə əhli!) Əgər (məni) təkzib etsəniz, (bilin ki) sizdən əvvəlki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir!

Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, qiyamət günü onları yenidən dirildəcəkdir!)

(Ya Rəsulum!) De: “Yer üzünü gəzib (Allahın) məxluqatı (ilk əvvəldən) nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!