Showing 1-20 of 112 items.

İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).

Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;

Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Qur’an sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz?” – dedilər.

(Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: “Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi) eşidəndir, biləndir!”

Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: “Xeyr, (bu Qur’an) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən mö’cüzələr kimi bizə bir mö’cüzə gətirsin!”

Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli mö’cüzələrlə gəlmiş peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?

(Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!

Biz onları (peyğəmbərləri) yeməz-içməz (yemək yeməz) bir bədən yaratmadıq. Onlar (dünyada) əbədi də deyillər.

Sonra onlara verdiyimiz və’di yerinə yetirdik. (Peyğəmbərlərə) və istədiyimiz kəslərə (onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları isə məhv etdik.

Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim mö’minlərin yadına salar). Məgər dərk etmirsinizmi?

Biz zalım olan (küfr edən) neçə-neçə məmləkəti (məmləkət əhlini) məhv etdik və onlardan sonra başqa bir qövm (camaat) yaratdıq.

Onlar əzabımızı (onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular.

(Mələklər istehza ilə onlara belə dedilər: ) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz!

Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik)”, - dedilər.

Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular (nalə çəkirdilər).

Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə də insanlar yalnız onun xaliqi Allaha ibadət etməlidirlər).

Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. (Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad götürmək, yaxud kimisə Özünə yoldaş etmək yaraşmaz).

Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!

Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və şərəf e’tibarilə mə’nən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.

Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şə’ninə təriflər deyərlər.