Showing 1-20 of 60 items.

(Toz-torpağı) sovurub-dağıdan küləklərə;

Yağış yüklü buludlara;

Asanlıqla üzüb gedən gəmilərə;

Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,

Sizə və’d olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).

Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür!

(Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,

(Ey müşriklər!) Sizin (Qur’an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə’ziniz Qur’ana şe’r, Peyğəmbərə şair, bə’ziniz də Qur’ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).

Ondan (Qur’andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur’andan və Peyğəmbərdən də elə o dönər!)

Məhv olsun yalançılar! (Allah onlara lə’nət eləsin!)

O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!

Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.

O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.

(Mələklər onlara deyəcəklər: ) “Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz şeydir (əzabdır)!”

Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;

Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.

Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.

Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.

Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.

Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.