Showing 1-20 of 59 items.

Ha, Mim!

(Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki,

Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq!

Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur –

Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk –

Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)!

Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir.

Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə ürəkdən inanmır, Qur’ana və Peyğəmbərə istehza edirlər).

(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını, sanki bir duman bürüdüyünü görəcəklər!)

(Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Doğrudan da, Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən napak şeyləri belə yeməyə məcbur olmuşlar).

(Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər: ) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz, həqiqətən iman gətirəcəyik!” (Məkkə müşriklərinin bu yalvarışından sonra Peyğəmbər əleyhissəlam Allaha dua etmiş, Allah da onları həmin bəladan qurtarmışdı. Lakin müşriklərin çoxu öz sözünün üstündə durmamışdı).

Onlara hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər gəldi,

Onlar isə ondan üz çevirib belə dedilər: “(Bu başqası tərəfindən) öyrədilmiş bir divanədir! (Özü heç bir şey bilmir, Qur’anı kimsə ona öyrədir)”.

Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə) qayıdacaqsınız!

Onları lap möhkəm yaxalayacağımız gün (qiyamət, yaxud Bədr vuruşu günü), şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq!

And olsun ki, Biz onlardan əvvəl Fir’on qövmünü imtahana çəkmişdik. Onlara möhtərəm bir peyğəmbər (Musa) gəlmişdi.

(O demişdi: ) “Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mö’təbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm!

Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!”

(Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi: ) “Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!